Vaşaq
Bədəninin uz. 82-109 sm, quyruğunun uz. 20-24 sm, çəkisi 8-19 kq (bəzən 32 kq-adək) olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. Avropada, Şimali, Orta və qismən Ön Asiyada, Şimali Amerikada, Azərbaycanda isə Naxçıvanda, Dağlıq Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında yayılmışdır. Geniş sıx meşələrdə, düzənliklərdə və eləcə də dağlarda, bəzən meşə-çöldə yaşayır. Ağaca yaxşı dırmaşır. Boğazlıq dövrü 9-10 həftədir. 2-3 bala doğur. Çalalarda, ağac köklərinin altında, qayaların dərələrində yuvasını qurur. Balaları böyütmək prosesində dişi və ərkək iştirak edirlər. Əsasən dovşan, gəmiriciklər və quşları yeyir; bəzən dırnaqlı heyvanlara (cüyür və s.) hücum edir. Çox vaxt gecələr ova çıxır.




sevgi
Facebook
Twitter